Axtarış
Gənclik, 80d Həsən Əliyev Küçəsi, Bakı, Azərbaycan
9:00 - 18:00

Azərbaycan Naşirlərinin I Forumu

Apr 29, 2024
Azərbaycan Naşirlərinin I Forumu

Hədəf gələcəyə daha güclü Azərbaycanın intellektual, bilikli və savadlı gəncliyi ilə birlikdə addımlamaqdır

Elə ötən həftənin sonlarında Bakıda keçirilən Azərbaycan Naşirlərinin I Forumu və bu forum çərçivəsində təşkil edilən “Oxu günü-10” sərgi-yarmarkasını da bu cür ali xidmətlərdən biri kimi dəyərləndirə bilərik.

Bu tədbirlər bizi həm də savadsızlıq, kitabsızlıq təhlükəsindən qoruyur

Forum və sərgi-yarmarka barədə ətraflı məlumata keçməzdən öncə onu vurğulayaq ki, insan oğlunun getdikcə kitabdan daha çox uzaq düşdüyü bir dövrdə belə tədbirlərin keçirilməsi əhəmiyyətli olduğu qədər də vacibdir. Çünki bu cür, gələcəyə hesablanmış tədbirlər bizi həm də savadsızlıq, kitabsızlıq təhlükəsindən qoruyur. Ona görə də çəkinmədən qeyd edə bilərik ki, bizə şüuraltı “Oxuyaraq inkişaf edək” mesajını ötürən bu tədbirlərdə hədəf gələcəyə daha güclü Azərbaycanın intellektual, bilikli və savadlı gəncliyi ilə birlikdə addımlamaqdır.

Beləliklə, aprelin 26-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında öz işinə başlayan Azərbaycan Naşirlərinin I Forumu maraqlı çıxışlar, səslənən təkliflər və fikirlərlə yadda qaldı. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, ANAİB sədri, Naşirlər Forumu və Oxu gününün layihə rəhbəri Şəmil Sadiq, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Türkiyə Mətbəə və Nəşriyyatları Birliyinin sədri Mustafa Karagüllüoğlu, Bakı Yunus Emre İnstitutunun müdiri Selcuk Karakılıç, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, millət vəkilləri, nəşriyyat evlərinin direktorları, əməkdaşları, naşirlər, yazıçılar, oxucular və aidiyyəti şəxslər iştirak edirdilər.

Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə ilk çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli oldu.

İsa Həbibbəyli: Ənənəvi kitablar öz oxucusunu qoruyub saxlaya bilib

Çıxışında elmin, texnologiyanın, sənayenin inkişafı nəticəsində baş vermiş dünya sənaye inqilablarının tarixinə və onun nəticələrinə nəzər salan akademik qeyd etdi ki, “texnologiyanın sürətli inkişafı ilə elektron kitablar və elektron kitabxanalar meydana gəlsə də, ənənəvi kitablar da öz oxucusunu qoruyub saxlaya bilib, hətta son illərdə kitab dövriyyəsində artım müşahidə edilib”.

Natiq çıxışında bu qənaət ifadə etdi ki, Azərbaycan kitabçıları və naşirləri öz fəaliyyətlərini həm real, həm də virtual bazarın tələblərinə uyğun qurmalı, kağız kitabların qalmasında, eyni zamanda elektron kitabların inkişafında maraqlı olmalıdırlar.

Akademik çıxışında Azərbaycanda elektron kitabxana işinin təşkilində müəyyən problemlərin olduğuna da diqqət çəkdi. Onun sözlərinə görə, bir sıra hallarda elektron kataloqlar elektron kitabxana adlandırılır.

O da vurğulandı ki, naşir və kitabçılarımızın dünyaya çıxması baxımından bu istiqamətin təkmilləşdirilməsi vacibdir.

İlk dəfə təşkil olunan Azərbaycan Naşirlərinin I Forumunun AMEA-da keçirilməsinin önəminə toxunan akademik İsa Həbibbəyli tədbirin bu sahədəki redaktor, korrektor, kitab menecmentliyi kimi mövcud problemlərin müzakirəsi və həlli yollarına öz töhfəsini verəcəyini dedi.

Şəmil Sadiq: Bu tədbir təkliflərin formalaşmasına, yeni layihələrin hazırlanması üçün şəbəkələşmənin təmin olunmasına töhfə verəcək

Sonra söz ANAİB sədri, Naşirlər Forumu və Oxu gününün layihə rəhbəri Şəmil Sadiqə verildi: “Azərbaycan Naşirlərinin I Forumu ölkənin müstəqillik dövründə inkişaf edən özəl nəşriyyat sektorunun bir növ hesabatlılığına, ümumi problemlərin həlli ilə bağlı təkliflərin formalaşmasına, yeni layihələrin hazırlanması üçün şəbəkələşmənin təmin olunmasına töhfə verəcək”.

Çıxışı zamanı ANAİB-in hesabatını təqdim edən Şəmil Sadiq hazırda Assosiasiyanın 28 üzvü birləşdirdiyini, nəşriyyat işinin təşkili, sistemləşdirilməsi, nəşriyyatlararası əlaqələrin yaradılması və dünya kitab festivallarında iştirakı baxımından mühüm rol oynadığını diqqətə çatdırdı. O, həmçinin nəşriyyatların tərcümə problemləri, Azərbaycan ədəbiyyatının dünyaya tanıdılması, bölgələrə kitabların çatdırılması, uşaq mütaliəsinə dəstəyin verilməsi, kitabların reklamı və s. probemlərdən danışıb, həlli yolları ilə bağlı təkliflərini səsləndirdi.

Fazil Mustafa: Forum Azərbaycan cəmiyyətinin kitaba olan diqqətini yenidən artırmaq baxımından olduqca önəmlidir

Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa dedi ki, Forum Azərbaycan cəmiyyətinin kitaba olan diqqətini yenidən artırmaq baxımından olduqca önəmlidir: “Bu gün ölkəmizdə redaktor, korrektor, naşir problemləri olduğu kimi, oxucu problemi də var və sözügedən problemlərin aradan qaldırılması ilə bərabər kitaba olan marağı artırmaqla oxucu kütləsini də qorumaq lazımdır. Kitaba olan marağı artırmaq üçün kitabların reklamının ödənişsiz olması vacibdir”.

Çıxışında, həmçinin kitabın zəruri ehtiyac malları kateqoriyasına daxil edilməsinin önəmini vurğulayan F.Mustafa regionlarda mədəni mühitin artırılmasının vacib olduğunu da bəyan etdi.

Tədbirinn rəsmi hissəsi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Türkiyə Mətbəə və Nəşriyyatları Birliyinin sədri Mustafa Karagüllüoğlu və Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun çıxışları ilə davam etdi.

Problemlər ümumi olduğu üçün onlardan çıxış yolu üçün də ümumi hərəkət etməyin vaxtıdır

Sonra isə Forum “Nəşriyyat menecmentliyi və kitab marketinqi”, “Redaktə və tərcümə problemləri”, “Müəllif hüquqları və beynəlxalq əməkdaşlıqlar”, “Tərtibat, dizayn və qrafika”, “Uşaq nəşrləri və yeni yanaşma” mövzusunda panellərlə davam etdirildi.

Panel iclaslarında çıxışlarda o nəticə hasil oldu ki, bu gün sözügedən sahədəki problemlər, əslində qlobal problemlər kimi dəyərləndirilə bilər.

Çünki bu gün Azərbaycanda da, Türkiyədə də nəşriyyatlar, o cümlədən müəlliflər eyno problemlərlə baş-başa qalırlar. Deməli problemlər ümumi olduğu üçün onlardan çıxış yolu üçün də ümumi hərəkət etməyin vaxtıdır.

Onu da qeyd edək ki, Forum çərçivəsində aprelin 27-28-də Milli Elmlər Akademiyasının həyətində “Oxu günü-10” sərgi-yarmarkası təşkil olundu. Azərbaycanın 40-dan çox aparıcı nəşriyyatı və kitab evinin, eləcə də 70-ə yaxın yazıçı və ziyalının iştirakı ilə reallaşan yarmarka-sərgi həm də maraqlı bir sıra məqamlarla yadda qaldı.

Tanınmış ədiblərin iştirakı ilə təqdimatların, imza mərasimlərinin, konsert proqramlarının, şeir gecələrinin, uşaqlar üçün nağıl saatlarının və master-klasların da təşkil edildiyi mərasim ümumilikdə yaddaşımızda dərin iz buraxdı.

Bu məqamda dəyərli dostumuz Əkbər Qoşalının imza mərasiminə qatılaraq, gözəl kitabını əldə edə bildik.

Bu tədbirlərdə daha çox gənc nəslin və məktəblilərin iştirakını görmək isə o ümidləri yaradır ki, təşkilatçılara qarşılarına qoyduqları hədəfə çatacaqlar. Bu gün də olmasa sabah…